Güzəştli İpoteka Kimlərə Verilir? — Şərtlər və Kateqoriyalar (2026) İpoteka Krediti
Güzəştli İpoteka Krediti Faizi Nə Qədərdir?
Güzəştli ipoteka krediti zəmanətsiz variantda 4%, zəmanətli variantda isə 3,7% faiz tətbiq olunur. Müqayisə üçün: adi dövlət ipotekası 8%, kommersiya bankları isə 7–9%-dən başlayır. Fərq böyükdür — eyni məbləğ üçün onillər ərzində on minlərlə AZN qənaət deməkdir.
Güzəştli İpoteka Kimlərə Verilir?
Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçi;
- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;
- Ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;
- Şəhid ailəsinin üzvü (əri/arvadı);
- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);
- Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı);
- ən azı 3 il hakimlik stajı olan Azərbaycan Respublikası məhkəmələrinin hakimləri;
- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər (nikaha daxil olan şəxslərin hər ikisinin yaşı 35-dən çox olmamalıdır):
Şəhidin övladları;
Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları;
Azərbaycanın Milli Qəhrəmanının övladları;
Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs.
Vacib Şərtlər
Bir dəfəlik hüquq — güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
70% gəlir qaydası — kredit üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq gəlirinin 70 faizindən çox olduqda ipoteka kreditinin verilməsindən imtina olunur.
İlkin ödəniş — güzəştli ipoteka kreditlərində ilkin ödəniş 15%-dən az olmamalıdır. Bu şərt bankdan aslı olaraq dəyişə bilər.
Kredit məbləği limiti — güzəştli ipoteka krediti məbləği əmlakın qiymətinin 90%-dən çox olmamalıdır.
Tələb Olunan Sənədlər
Güzəştli ipoteka krediti üçün tələb olunan əsas sənədlər bunlardır:
- borcalanın şəxsiyyət vəsiqəsinin surəti,
- son 12 ayı əhatə edən əmək haqqı hesabından bank çıxarışı,
- iş yerindən əmək haqqı haqqında arayış (staj, vəzifə və son 12 ay üzrə orta aylıq gəlir göstərilməklə).
- Bunlara əlavə olaraq güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (müəllim arayışı, dövlət qulluqçusu statusu və s.) tələb olunur.
Müraciət Qaydası — Addım-addım
- Uyğunluğunu yoxla — yuxarıdakı kateqoriyalardan birinə aid olduğundan əmin ol
- Portala qeydiyyat — fond tərəfindən razılıq verildikdən sonra mənzil seçiminə başlanılır — ilk addım rəsmi portala qeydiyyatdır
- Müvəkkil banka müraciət — Yelo Bank, PAŞA Bank, Unibank, Kapital Bank, ABB və digər müvəkkil banklardan birinə müraciət et
- Sənədləri təqdim et — güzəştli kateqoriyaya uyğunluğunu sübut edən sənədlər daxil olmaqla
- Mənzil seç — fondun razılığı alındıqdan sonra mənzil seçimi həyata keçirilir və bunun üçün 1 aydan çox vaxt verilir.
- Müqavilə imzalanır — kredit, ipoteka və sığorta müqavilələri imzalanır, hüquqlar dövlət qeydiyyatına alınır
Güzəştli ipoteka üçün müvəkkil bankların aktual şərtlərini müqayisəli görmək üçün onlaynkredit.az/ipoteka səhifəsinə daxil ol. Nəzərə almaq lazımdır ki, güzəştli ipoteka il ərzində müəyyən periodlarda (bəzən 1 bəzən daha çox) aktivləşir. Qalan vaxtlarda daha çox bankların daxili ipoteka şərtləri qüvvədə olur.
İpoteka krediti verən bankların tam siyahısı və kommersiya ipoteka şərtləri üçün isə İpoteka Krediti verən banklar məqaləmizə bax.
Bu məqalədəki məlumatlar ARİKZF-nin rəsmi qaydaları və açıq mənbələrə əsaslanır. Şərtlər dəyişə bilər — müraciətdən əvvəl rəsmi mənbəni yoxlamağı tövsiyə edirik.
Faydalı alətlər